RİYAZİYYAT OLİMPİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Gəncədə Azərbaycan Texnologiya Universitetində “Heydər Əliyev: Azərbaycanda elm və təhsilin inkişafı” mövzusunda elmi - praktiki konfrans keçirilmişdir.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru Telman Məlikov həyatımızın digər sahələrində olduğu kimi elm və təhsilimizin inkişafında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıqov, Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar şöbəsinin rəhbəri, şair Məmməd Alim, universitetin müəllimi Hüseyin Budaqov və başqaları çıxış edərək Heydər Əliyevin beynəlxalq təcrübəyə əsaslanan milli təhsil konsepsiyasının bugünkü uğurla nəticələrindən, ulu öndərin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan danışmışlar. Fəxrlə bildirilmişdir ki, indi onun siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Yeni məktəblərin tikilməsi, köhnələrinin təmiri və yenidən qurulması, ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.
Konfransda Prezident İlham Əliyevin iki il əvvəl Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbələri ilə canlı bağlantısından bəhs edən kadrların nümayişi də maraqla qarşılanmışdır.
Sonda Gəncə, Şəmkir, Samux, Goranboy, Yevlax, Naftalan, Xanlar, Daşkəsən və Gədəbəy məktəblilərinin iştirakı ilə riyaziyyat fənni üzrə keçirilən olimpiadanın qaliblərinin adları açıqlanmış və yüksək bilik nümayiş etdirən şagirdlərə diplom və fəxri fərmanlar təqdim olunmuşdur.