ELM VƏ TƏHSİL
Riyaziyyat və Mexanika İnstitutunun jurnalları “Journal Citation Reports” siyahısına daxil edilib
![Riyaziyyat və Mexanika İnstitutunun jurnalları “Journal Citation Reports” siyahısına daxil edilib](/files/2021/2/1200x630/16255596822035725353_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan “Azerbaijan Journal of Mathematics” və “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalları “Clarivate Analytics” şirkətinin “Journal Citation Reports” siyahısına daxil edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, ötən illərdə həmin siyahıda yalnız impakt faktorlu jurnallar, bir sözlə, “Science Citation Index Expanded” (SCIE) bazasına daxil olan jurnallar yer alırdı. Bu il isə siyahıda təkcə SCIE bazasındakı jurnallar deyil, həmçinin “Emerging Sources Citation Index” (ESCI) bazasına daxil olan bəzi nəşrlərə yer verilib.
Bundan əlavə, “Clarivate Analytics” şirkəti 2021-ci ildə impakt faktorla yanaşı, jurnalların qiymətləndirilməsi üçün yeni göstərici də təyin edib. “Journal Citation Indicator” adlı göstərici impakt faktordan fərqli olaraq, son üç ilin məqalələrinə edilən istinadları da nəzərə alır. Məlumdur ki, impakt faktor son iki ildə edilən istinadları nəzərə alır.
Həmin siyahıda “Azerbaijan Journal of Mathematics” jurnalına 0,80, “Proceedings of the Institute of Mathematics and Mechanics” jurnalına isə 0,60 “Citation Indicator” verilib.