Riyaziyyat və Mexanika İnstitutunun magistraturasında distant tədrisin davamlılığı məsələsi müzakirə olunub
Bakı, 29 aprel, AZƏRTAC
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda mövcud vəziyyətin təhlili, əməkdaşların sosial təcrid şəraitində fəaliyyəti, institutun magistraturasında distant tədrisin davamlılığının təmin edilməsi və digər məsələlər müzakirə edilib.
Tədbirdə elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. Direktor Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən operativ tədbirlər sayəsində pandemiyanın miqyasının nəzarətdə saxlanıldığını, bu proses çərçivəsində həssas təbəqəyə aid vətəndaşların qorunması ilə bağlı önəmli addımlar atıldığını vurğulayıb. Misir Mərdanov qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib.
Sonra qurumun elmi işlər üzrə direktor müavini, professor Ədalət Axundov institutda magistratura təhsilinin gedişatı barədə danışıb. Bildirib ki, magistrantlar üçün dərslər təsdiqlənmiş cədvələ əsasən distant tədris olunur. İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər: “Bu il təhsilini başa vuracaq üç magistrant elmi rəhbərləri ilə mütəmadi əlaqə saxlayır, dissertasiya işlərinə dair məsləhətlər alırlar”.
İnstitutun Dissertasiya şurasının katibi, fizika üzrə fəlsəfə doktoru, dosent Tamilla Həsənova şuranın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, üç dissertasiya işi müdafiəyə hazır vəziyyətdədir.