ROMA PAPASI: TÜRKİYƏYƏ SİVİLİZASİYALARIN İNKİŞAFINDA XÜSUSİ YER HAZIRLANMIŞDIR
Pontifik sentyabrda Almaniyanın Regensburq Universitetində çıxışında söylədiyi və müsəlman dünyasında hiddətə səbəb olmuş sözləri bir kəlmə ilə belə xatırlamayaraq, xristianlıqla İslam arasında münasibətlər barədə öz prinsipləri üzərində dayanmağı lazım bilmişdir. XVI Benedikt vurğulamışdır ki, öz dinlərinə etiqad edən xristianlar və müsəlmanlar başlıca diqqəti insan şəxsiyyətinin müqəddəs toxunulmazlığına və ləyaqətinə yönəldirlər. O demişdir: “Məhz bu, qarşılıqlı hörmətimizin əsasını təşkil edən amildir, xalqlar arasında sülh naminə əməkdaşlıq üçün zəmindir”.
Roma katolik kilsəsinin başçısı öz nitqində sələfi XXIII İohannın söylədiyi belə bir fikri dəstəklədiyini söyləmişdir ki, “türk xalqına öz məhəbbətini hiss edir və sivilizasiyaların inkişafında xüsusi yer hazırlanmış olan bu xalqın keyfiyyətlərini qiymətləndirir”.
XVI Benedik demişdir: “Türkiyə Konstitusiyasının təmin etdiyi və istər ayrı-ayrı şəxslər, istərsə də icmalar barəsində real surətdə həyata keçirilən vicdan azadlığı dindarlara cəmiyyət quruculuğuna töhfə vermək üçün lazimi şərait yaradılır”.
O ümidvar olduğunu bildirmişdir ki, hər iki mədəniyyət daha yaxşı qarşılıqlı anlaşmaya nail ola bilər, ahəngdarlıq, əmin-amanlıq və qarşılıqlı etimad şəraitində birgə yaşamaq arzusu ilə dostluq tellərini möhkəmləndirə bilər.