RSXM-in baş direktoru Türkiyədə keçirilən simpoziumda Azərbaycandakı seysmik vəziyyətdən danışıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Türkiyədə 1999-cu il avqustun 19-da Kocaeli və noyabrın 12-də Düzce Şərqi Mərmərə zəlzələlərinin 20 illiyinə həsr olunmuş VI Beynəlxalq Zəlzələ Simpoziumunda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli simpoziumda Azərbaycan ərazisindəki seysmik vəziyyətə dair məruzə ilə çıxış edib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, baş direktor məruzəsində hazırda ölkədə olan seysmik vəziyyət, aparılan kompleks seysmoloji tədqiqatlar və alınan nəticələr haqqında danışıb.
Qeyd edək ki, tədbir çərçivəsində RSXM-in baş direktoru ikitərəfli görüşlər də keçirib.
Kocaeli Universitetinin mühəndislik fakültəsinin geofizika mühəndisliyi bölümünün rəhbəri, professor Cengiz Kurtuluş ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı Kocaeli Universiteti mühəndislik fakültəsinin geofizika mühəndisliyi bölümü ilə RSXM-in seysmoloji tədqiqatlara dair birgə layihələr həyata keçirməsinin mümkünlüyü də istisna edilməyib.