DÜNYA
R.T.ƏRDOĞAN: TERRORÇULAR MÜTLƏQ YAXALANACAQ VƏ CƏZALANDIRILACAQLAR
İngiltərənin HSBC bankının rəhbərliyi bəyanatla çıxış etmişdir. Bəyanatda terror aktları və təhlükəsizlik tədbirləri görülməsi ilə əlaqədar bankın bir neçə gün işləməyəcəyi bildirilir.
İngiltərənin “Britiş Airveys” hava yolları şirkəti də bəyanat vermişdir. Sənəddə terror aktlarının bu şirkətin fəaliyyətinə mane olmayacağı nəzərə çarpdırılır.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirmişdir. İstanbuldakı terror aktlarını cinayətkar ünsürlərin mənfur əməli kimi dəyərləndirən Baş nazir müqəddəs Ramazan ayında törədilən bu cinayətlərin insanlığa və heç bir dini anlayışa sığmadığını vurğulamışdır. O demişdir ki, terrorçular mütləq yaxalanacaq və qanunlar çərçivəsində cəzalandırılacaqlar.
Terror hadisələrindən sonra xarici ölkələrin Ankara, İstanbul və İzmirdəki diplomatik nümayəndəlikləri, xarici bank və şirkətlərin binaları önündə təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Ədliyyə naziri Cəmil Çiçək noyabrın 15-də sinaqoqlara, həm də bu gün ingilis bankı və baş konsulluğuna qarşı törədilən terror aktları arasında böyük oxşarlıq olduğunu söyləmişdir.
Qeyd edək ki, hər iki terror aktı ilə əlaqədar məsuliyyəti “Əl-Qaidə” öz üzərinə götürmüşdür.