SİYASƏT
RUHANİLƏR AZƏRBAYCAN PREZİDENTİNİN SİYASƏTİNİ DƏSTƏKLƏYİRLƏR
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalqımıza 13 avqust tarixli bəyanatı Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının, Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin avqustun 18-də keçirilmiş birgə iclasında müzakirələrin başlıca mövzusu olmuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə iclası giriş sözü ilə açaraq dedi ki, Prezident Heydər Əliyevin tarixi bəyanatı Azərbaycan xalqının mənəvi və dini dəyərlərinin qorunub saxlanılması sahəsində ruhanilərin qarşısında mühüm vəzifələr qoyur. O, dövlətimizin başçısına dərin məzmunlu bəyanatına Elmi-Dini Şuranın üzvləri və bölgələr üzrə səlahiyyətli nümayəndələr adından görə minnətdarlığını bildirdi.
Şeyxülislam dini təbliğatı gücləndirmək, din xadimləri üçün akademik kurslar təşkil etmək məsələlərinə də toxundu.
Sonra Elmi-Dini Şuranın sədri Milli Elmlər Akademiyasının müxbir üzvü Vasim Məmmədəliyev, akademik Bəkir Nəbiyev, dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, Bakı və Xəzəryanı bölgə yepiskopunun nümayəndəsi Aleksi çıxış edərək, Prezident Heydər Əliyevin bəyanatının əhəmiyyətini vurğuladılar və Azərbaycan ruhanilərinin başçısını müdafiə etdiyinə görə təşəkkürlərini bildirdilər.
Ruhani nümayəndələri dövlət qurumları ilə dini qurumların qarşılıqlı fəaliyyəti məsələlərini də müzakirə etdilər. Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev bu barədə çıxış edərək dedi ki, öz növbəsində din xadimləri də dövlətin mənafelərini qorumalıdırlar. O bildirdi ki, başçılıq etdiyi komitə tezliklə dini qurumları yenidən qeydə alacaq və onların siyahısı ayrıca çap olunacaqdır.
Iclasın sonunda Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə assosiasiyanın xüsusi mükafatını və fəxri üzvü diplomunu təqdim etdilər.
İclas iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə yekdilliklə müraciət qəbul etdilər.