Rus dili üzrə bilik və bacarıqlarını sertifikatlaşdırmaq istəyənlərin nəzərinə
Bakı, 17 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində rus dili bacarıqlarını beynəlxalq səviyyədə yoxlayan ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanlarını təşkil edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, 6 fərqli səviyyədən ibarət olan ТРКИ imtahanı CEFR (Dillər üzrə ümum-Avropa çərçivə sənədi) standartlarına uyğun xarici vətəndaşlar üçün müasir rus dili imtahanıdır. Bir çox beynəlxalq dil sertifikatlarından fərqli olaraq ТРКИ sertifikatı müddətsiz olaraq verilir. İmtahanda rus dili üzrə bilik səviyyəsinin ölçülməsi üçün 5 komponent yoxlanılır:
-İmtahanın ilk hissəsində namizədlərin qrammatika və lüğət bilikləri yoxlanılır;
-İmtahanın 2-ci hissəsində namizədlərin oxuma bacarıqları yoxlanılır. Bu hissədə mətn və test tipli suallar verilərək namizədlərin oxuma, qavrama və şərh etmə qabiliyyətləri ölçülür;
-Dinləmə hissəsində namizədlərdən çətinlik səviyyəsindən asılı olaraq dialoq, monoloq, ictimai natiqlik nümunəsi, müzakirə, televiziya və ya radio verilişlərinə qulaq asaraq test tipli suallara cavab vermək tələb edilir;
-İmtahanın yazı hissəsində namizədlərdən, çətinlik səviyyəsinə görə, məktub, qısa mətn, bir neçə suala yazılı cavab vermək, verilən mətnin qısa məzmununu yazmaq, qulaq asılan mətnin məzmununu yazmaq, qısa esse yazmaq kimi tapşırıqları həll etmək tələb oluna bilər;
-İmtahanın son hissəsi danışıq hissəsidir. Burada namizədin danışıq bacarıqlarını yoxlamaq üçün ekspert ilə müzakirə aparılır.
ТРКИ imtahanının hər bir hissəsində 66 faizdən yuxarı nəticə toplayan namizədlərə sertifikat verilir. İmtahan və onun üstünlükləri barədə ətraflı məlumat, eləcə də qeydiyyat linki DİM-in saytında yerləşdirilib.