RUSİYA FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINI KEÇİRMƏSİ BARƏDƏ CAR-DA MÜRACİƏT EDƏCƏKDİR
Bakı, 30 noyabr (AZƏRTAC). Cənubi Afrika Respublikasında səfərdə olan Rusiya nümayəndə heyəti 2018-ci və 2022-ci illərin futbol üzrə dünya çempionatlarının keçirilməsi layihəsini CAR-da təqdim edəcəkdir.
Nümayəndə heyətinin üzvü, Rusiyanın tanınmış futbolçusu Aleksey Smertin demişdir: “Rusiya futbol üzrə dünya çempionatının keçirilməsi hüququna layiqli namizəddir. Bu, futbolumuzun və onun infrastrukturunun inkişafı üçün böyük təkan olacaqdır”.
Dekabrın 2-də Rusiya nümayəndə heyəti Yohannesburqda xüsusi futbol sərgisində “Rusiyasayağı dünya çempionatı” konsepsiyasını təqdim edəcəkdir. Bu barədə daha geniş məlumat isə, dekabrın 4-də Keyptaunda 2018-ci və 2022-ci illərin dünya çempionatlarına iddiaçı olan ölkələr üçün keçiriləcək birinci beynəlxalq təqdimatın gedişində veriləcəkdir.
Aleksey Smertin bildirmişdir ki, FİFA-nın bu rəsmi tədbiri ölkələrə beynəlxalq futbol ictimaiyyəti və dünyanın KİV-ləri qarşısında öz imkanlarını nümayiş etdirməyə şərait yaradacaqdır.
Futbol üzrə dünya çempionatının keçirilməsi hüququ uğrunda Rusiya ilə yanaşı, İngiltərə, ABŞ, Avstraliya, Yaponiya, İndoneziya, Belçika, Niderland, İspaniya, Portuqaliya, habelə, yalnız 2022-ci il dünya çempionatını keçirməyə iddiaçı olan Koreya Respublikası və Qətər mübarizə aparırlar. FİFA-nın İcraiyyə Komitəsi yekun qərarı bir ildən sonra elan edəcəkdir.
Aleksey Smertin demişdir: “Ölkəmizdə, o cümlədən Rusiyanın regionlarında futbolun inkişafına dair hökumət proqramı uğurla həyata keçirilir. Yeni futbol meydançaları tikilir, idman bölmələri yaradılır, idmana daha çox uşaq cəlb edilir. Bizim ölkəmizdə futbol yaxşı inkişaf etmişdir və mən əminəm ki, dünya çempionatını lazımi səviyyədə keçirməyə qadirik”. A.Smertin əlavə etmişdir ki, Rusiya təşkilatçıları öz imkanlarının parlaq təqdimatı ilə təəccübləndirəcəkdir.