RUSİYA HÖKUMƏTİNİN SƏDRİ AZƏRBAYCANA GƏLƏCƏKDİR
Mixail Fradkov dövlətlərimizin başçıları arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq demişdir ki, Rusiya Azərbaycan ilə əməkdaşlığa böyük diqqətlə yanaşır.
P. Bülbüloğlu isə xatırlatmışdır ki, bu, Rusiya Federasiyası hökuməti başçısının son 15 ildə Azərbaycana ilk səfəridir. Azərbaycanda Rusiya İlinin bağlanışı ilə bağlı keçiriləcək səfər nəinki mədəniyyət sahəsində qarşılıqlı əlaqə xarakteri daşıyır, həm də iqtisadi məsələlərdən söhbət gedəcəkdir – beş hökumətlərarası və idarələrarası saziş imzalanması nəzərdə tutulur.
Görüşdə Rusiyada miqrasiya prosesləri məsələsinə də toxunulmuş, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. P.Bülbüloğlu həmin məsələdə Azərbaycanın mövqeyini açıqlayaraq demişdir ki, ölkəmiz Rusiyanın miqrasiya proseslərini tənzimləmək niyyətini başa düşür. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən xüsusi komissiya yaradılmışdır və o, Rusiyanın səlahiyyətli orqanları ilə əməkdaşlıq edəcəkdir.
M.Fradkov bu məsələdə Azərbaycan tərəfi ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirərək vurğulamışdır ki, Rusiyanın gördüyü tədbirlər qətiyyən azərbaycanlılara qarşı yönəldilməyibdir, ölkə ictimaiyyətini narahat edən bəzi sahələrdə qayda-qanun yaratmaq niyyəti ilə bağlıdır.