Rusiya Prezidentinin böyük mətbuat konfransı başa çatıb
Moskva, 20 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti dəfə böyük mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın dövlət başçısı 14-cü böyük mətbuat konfransında 3 saat 43 dəqiqə ərzində 53 jurnalistin sualını cavablandırıb. Bu il mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist akkreditasiyadan keçmişdi.
Mətbuat konfransında Rusiyanın daxili və xarici siyasəti, iqtisadi, sosial, mədəniyyət sahələrində problemlər, ABŞ ilə münasibətlər, Suriya münaqişəsinin nizama salınması və digər məsələlərə dair suallar səslənib.
Azərbaycan əsilli Türkiyə jurnalisti Fuad Səfərovun Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkə münasibəti və Rusiya-Türkiyə əlaqələri ilə bağlı V.Putinə verdiyi sualın cavabında Prezident Atatürkü görkəmli siyasi xadim və Rusiyanın böyük dostu adlandırıb. O, Rusiya-Türkiyə münasibətlərinin müasir vəziyyətindən məmnunluğunu ifadə edərək, bu əlaqələrin inkişafında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın rolunu yüksək qiymətləndirib. Rusiyanın dövlət başçısı ümidvar olduğunu bildirib ki, Türkiyə Prezidentinin rəhbərliyi ilə bu tendensiya gələcəkdə də davam edəcək.
Mətbuat konfransı “Rossiya-1”, “Rossiya-24”, “Pervıy kanal” televiziya kanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva