Rusiya XİN erməni silahlı birləşmələrinin Rusiya sülhməramlılarının ölümündə iştiraka işarə edib
Moskva, 21 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni silahlı birləşmələrinin Qarabağdakı Rusiya sülhməramlılarının həlak olmasında iştirakına işarə edib.
AZƏRTAC xəbər verir ki, Qarabağda Rusiya sülhməramlıların olduğu avtomobilin atəşə tutulmasına münasibət bildirən M.Zaxarova özünün teleqram kanalında yazıb: “Rusiya sülhməramlıları həmişə olduğu kimi, regionda sülh naminə zərbəni öz üzərilərinə götürüblər. Vicdansızların onların fəaliyyətini şübhə altına almağa çalışdıqları qara nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə, böhtan atanların üzərinə əbədi rüsvayçılıqla düşəcək”, - deyə diplomat öz teleqram kanalında yazıb.
O xatırladıb ki, İrəvan imza atdığı üçtərəfli razılaşmaların bəndlərini yerinə yetirməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin müşahidə postundan qayıdan zaman Canyataq yaşayış məntəqəsi ərazisində Rusiya hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində avtomobildə olan Rusiya sülhməramlıları həlak olublar. Hadisənin baş verdiyi yerdə rusiyalı və azərbaycanlı müstəntiqlər işləyirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva