Rusiya yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə üzrə layihəyə iri qrant ayırıb
Bakı, 26 noyabr, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosu Rusiya Federasiyasının beş il müddətinə ayırdığı 22 milyon dollar qrant sayəsində regionda yoluxucu olmayan xəstəliklərin profilaktikasını və onlara qarşı mübarizə imkanlarını gücləndirəcək. Bu qəbildən xəstəliklər arasında xərçəng, ürək-damar (ÜDX), diabet və xroniki respirator xəstəlikləri qeyd etmək olar.
Layihənin vəzifəsi qarşısının alınması mümkün olan yoluxucu olmayan xəstəliklərə qarşı mübarizə potensialını gücləndirməkdir. Bunun üçün keyfiyyətli məlumatlar, daha səmərəli profilaktik tədbirlər və xəstəlik hallarının əsaslı təbabətin prinsipləri əsasında aparılması tələb olunur.
Yaranmış vəziyyətdə bu səylər çox aktualdır. Avropa regionu alkoqol və tütün istehlakının səviyyəsinə görə DST-nin bütün regionları arasında birinci yeri tutur. Tütündən istifadə hər il 1,6 milyon insanın ölümünə səbəb olur. Alkoqol isə xəstəliklər strukturunda Şərqi Avropada aparıcı risk faktoruna çevrilib. Avropa regionunda fiziki fəallığın yetərsizliyi (Avropa əhalisinin yarısından çoxunda artıq çəki və ya piylənmə müşahidə olunur) səbəbindən hər il təqribən 1 milyon adam ölür.
Yoluxucu olmayan xəstəliklərə qarşı mübarizədə müəyyən tərəqqi əldə olunub, lakin onu yetərli saymaq olmaz. Son on ildə bir çox ölkələrdə ürək-damar xəstəliklərindən ölüm halları az müşahidə olunsa da, region dövlətləri arasında ürək-damar xəstəliklərindən ölüm göstəricilərində böyük fərq var.
DST-nin Avropa Regional Bürosunun direktoru Jujanna Yakab tütün və alkoqoldan istifadənin tənzimlənməsi üzrə strategiyaların və yüksək arterial təzyiqi nəzarətdə saxlamaq üçün səmərəli vasitələrin mövcud olduğu bir vaxtda insanların vaxtsız ölməsini yolverilməz sayır. O deyib: “Bizə məlumdur ki, tütündən asılılıq siqaret çəkən iki şəxsdən birinin ölümünə səbəb olur və orta hesabla siqaret çəkmək onların ömrünü 20 il qısaldır”.
DST-nin Avropa Regional Bürosu 2014-cü il dekabrın 1-də Moskvada konfrans keçirəcək. Avropa regionu dövlətlərinin nümayəndələri həmin layihəni müzakirə edəcək və yoluxucu olmayan xəstəliklərin profilaktikasında və onlara qarşı mübarizədə rəhbər rol oynayan ofisin Moskvada açılması üçün zəmin hazırlayacaqlar. Konfrans iştirakçıları ölkələrin yoluxucu olmayan xəstəliklərin səbəb olduğu ölüm və əlillik hallarının azalması istiqamətində qazandıqları uğurları da müzakirə edəcəklər. Bu təcrübə nəzərə alınacaq və sağlam həyat tərzi və yoluxucu olmayan xəstəliklər üzrə II Qlobal konfransda təqdim olunacaq. Nazirlik səviyyəsində bu konfrans 2016-cı ildə Moskvada keçiriləcək.
Xatırladaq ki, I Qlobal konfrans da 2011-ci il aprelin 28-29-da Moskvada keçirilib.