DÜNYA
Rusiyada İnternet-təhdidlərə Reaksiya Mərkəzi yaradılacaqdır
Bakı, 10 aprel (AZƏRTAC). Rusiyada kibertəhdidlərə qarşı mübarizə aparmaq üçün virtual təhdidlərə Reaksiya Mərkəzinin yaradılması və ibtidai məktəblərdə kibertəhsil fənninin tədris edilməsi təklif edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Federasiya Şurası, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi, Daxili İşlər Nazirliyinin üzvlərindən ibarət işçi qrupu və ekspertlərin hazırladığı kibertəhlükəsizlik strategiyasının layihəsində öz əksini tapmışdır.
İşçi Qrupunun rəhbəri Ruslan Qattarov ölkə üzrə bir neçə belə mərkəzin fəaliyyət göstərəcəyini bildirmişdir. Onun sözlərinə görə, bu cür mərkəzlərin yaradılmasına hazırda kibertəhlükəsizliyin təmininə xərclənən vəsaitdən daha az pul tələb edilir. Bu mərkəzlərin mütəxəssisləri gecə-gündüz virtual təhdidlərin monitorinqi və onların operativ olaraq aradan qaldırılması ilə məşğul olacaqlar.
R.Qattarov onu da əlavə etmişdir ki, orta məktəblərdə kibertəhsil fənninin tətbiqindən əlavə bütün ali təhsil müəssisələrində informatika dərslərində kibertəhlükəsizliyin əsaslarının tədrisinə diqqət ayrılmalıdır.