Rusiyanın aparıcı “Şekinoazot” şirkətinin nümayəndə heyəti “AzMeCo”nun metanol zavodunda olmuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Rusiya Federasiyasının neft-kimya sahəsində aparıcı şirkətlərdən biri olan “Şekinoazot” Birləşmiş Kimya Şirkətinin baş direktoru Boris Sokolun rəhbərlik etdiyi nümayəndə heyəti Qaradağ rayonunda yerləşən “AzMeCo” şirkətinin metanol zavodunda olmuşlar.
“AzMeCo”nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki,
Rusiya şirkətinin nümayəndələri ilə “AzMeCo”nun rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə şirkətlər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunmuş və metanol istehsalının hər bir ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyəti vurğulanmışdır.
“Şekinoazot” Birgə Kimya Şirkətinin baş direktoru Boris Sokol “AzMeCo”nun Azərbaycanda ilk metanol istehsalı zavodunu yaratdığını vurğulamışdır.
Diqqətə çatdırılmışdır ki, ölkənin strateji inkişaf planı çərçivəsində bu layihə olduqca əhəmiyyətlidir və uğurla nəticələnməlidir. Qonaq bu layihənin həyata keçirilməsi üçün görülən işlər çərçivəsində komandanın peşəkarlığını xüsusilə qeyd etmişdir. Belə ki, bu komanda iri beynəlxalq baş podratçı cəlb etmədən metanol istehsal edən zavodu tikməyə nail ola bilmişdir.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən B.Sokol “Şekinoazot” Şirkətinin kimya sənayesi məhsullarının, mühəndislik plastiklərinin, yüksək möhkəmliyə malik olan sintetik sapların və toxunmamış materialların istehsalı ilə yanaşı, Rusiya və xarici ölkə bazarlarında satışı ilə məşğul olduğunu söyləmişdir.