Rusiyanın baş onkoloqu Azərbaycan Tibb Universitetinin Fəxri doktoru oldu
Oktyabrın 28-də Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin baş direktoru Mixail Davıdovla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, akademik Əhliman Əmiraslanov M.Davıdovun elmi nailiyyətlərindən danışıb. Ə.Əmiraslanov bildirib ki, Mixail Davıdov Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, Rusiyanın baş onkoloqudur. Qeyd olunub ki, o, həm də Rusiya Dövlət Tibb Universitetinin kafedra müdiri, dünya miqyaslı tanınmış mütəxəssisdir. Onun xərçəng xəstəliklərinin əməliyyatlarında yeni metodların yaradılması, köhnələrini təkmilləşdirilməsi üzrə xeyli praktiki işləri var. M.Davıdov elə cərrahi əməliyyatlar keçirir ki, Rusiyada belə əməliyyatları keçirən ikinci cərrah yoxdur.
ATU-nun rektoru M.Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində böyük əməyi olduğunu qeyd edib.
Daha sonra Ə.Əmiraslanov Rusiyanın baş onkoloqunun ATU-nun Fəxri doktoru adına layiq görüldüyünü bildirib. M.Davıdova ATU-nun Fəxri doktoru diplomu təqdim edilib.
Bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirən M.Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında məşhur mütəxəssislər olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev, N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktor müavini, professor Mamed Əliyev, bu mərkəzin onurğa cərrahiyə şöbəsinin müdiri Elmar Musayev, urologiya şöbəsinin baş elmi işçisi Anar Pənahov, plastik və rekonstruktiv cərrahiyə şöbəsinin müdiri Vladimir Sobolevskiy, döş qəfəsi cərrahiyyəsi şöbəsinin baş elmi işçisi Mixail Davıdov iştirak ediblər.