RUSİYANIN HÜQUQ MÜHAFİZƏ ORQANLARI EKSTREMİZM VƏ MİLLƏTÇİLİK TƏZAHÜRLƏRİNİN ARTMASINDAN NARAHATDIRLAR
Rusiya DİN-in başçısı Rəşid Nurqaliyev bildirmişdir ki, ölkə ərazisində 80-dən çox ekstremist yönümlü beynəlxalq vəhhabi təşkilatı fəaliyyət göstərir. DİN və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları onların 45 özəyini aşkara çıxarmış, 245 fəal üzvünü müəyyənləşdirmişlər. Rusiyanın dini və ərazi baxımından parçalanmasına çalışan “Hizbuttəhrir-əl İslami” beynəlxalq ekstremist təşkilatının fəaliyyəti xüsusilə təhlükəlidir. DİN-in qeydiyyatında ümumi sayı 10 min nəfərə çatan gənclərdən ibarət təxminən 150 ekstremist qruplaşma var. Hüquq mühafizə orqanları milli dözümsüzlük zəminində cinayətkarlığın artım sürətindən son dərəcə narahatdırlar. Nazir demişdir: “Onların sırasına həm futbol azarkeşləri, həm də ifrat sol yönümlü mütəşəkkil ekstremist qruplaşmalar daxildir ki, bunların da 8-i ictimai təhlükəsizlik üçün real surətdə qorxuludur. Moskva və Sankt-Peterburqda, Samara və Voronej vilayətlərində xeyli sayda ekstremist qruplaşma qeydə alınmışdır”.
Rusiyanın Baş prokuroru Yuri Çayka bildirmişdir ki, ekstremist yönümlü cinayətlərin sayı artmağa meyillidir. Ötən il 152 belə cinayət hadisəsi qeydə alındığı halda, cari ilin yanvar-iyul aylarında bu göstərici artıq 149-a çatmışdır. Y.Çayka DİN-i bu təzahürlə zəif mübarizəyə görə tənqid edərək xatırlatmışdır ki, qanun millətçiliyin və ekstremizmin qarşısının alınmasında daxili işlər orqanlarına xüsusi yer ayırır. Baş prokuror dövlət ittihamçılarının və andlı iclasçıların proseslərə kifayət qədər hazır olmadıqlarını, bütün bunların milli zəmində törədilmiş cinayətlərin çox vaxt adi xuliqanlıq kimi qələmə verilməsinə gətirib çıxardığını vurğulamışdır.
İclasda ekstremist yönümlü cinayətlərə görə məsuliyyəti sərtləşdirmək, ekstremist ədəbiyyatın yayılması üçün cinayət məsuliyyəti təyin etmək, ekstremist məzmunlu materiallara yer ayıran sayt sahiblərindən və provayderlərdən, nəşriyyat fəaliyyəti ilə məşğul olan təşkilatlardan ciddi cavab istəmək, lazım gələndə onları ləğv etmək təklifi irəli sürülmüşdür.