RUSİYANIN MİLLİ İCTİMAİ TƏŞKİLATLARI ƏCNƏBİLƏRƏ NİFRƏT VƏ MİLLƏTÇİLİK ƏLEYHİNƏ ÇIXIŞ EDİRLƏR
Rusiya milli ictimai təşkilatlarının nümayəndələri çıxışlarında nasist qruplaşmaların qeyri-ruslara basqını hallarının artması ilə əlaqədar narahatlıqlarını bildirərək qeyd etmişlər ki, Rusiya hakimiyyətinin bütün ictimai qurumları əcnəbilərə nifrət və barışmaz millətçilik təzahürlərinə qarşı vahid cəbhədə mübarizə aparmalıdırlar. Döyülmə faktlarına, habelə əcnəbi vətəndaşların qətllərinə lazımınca qiymət verilmir, məhkəmə və hüquq mühafizə orqanları isə cinayətlərin millətlərarası nifrət zəminində törədildiyini deməkdən çəkinərək, bu halları xuliqanlıq kimi səciyyələndirirlər.
Müzakirələrin yekunlarına əsasən, Rusiya Prezidenti Vladimir Putinə ölkədə baş verən hadisələrdən son dərəcə narahatlıq ifadə olunan müraciət qəbul edilmişdir. Müraciətdə deyilir: “Hüquq mühafizə orqanlarının səhlənkarlığı və milli nifrət zəminində zorakılıq törədən cinayətkarların cəzasızlığı milli və dini dözümsüzlüyün getdikcə daha çox artmasına gətirib çıxarır”. Onlarca millətin təmsilçilərinin yaşadıqları ölkədə əcnəbilərə nifrət əhval-ruhiyyəsi vətəndaş müqavimətinin artmasına, irqi və dini düşmənçilik zəminində münaqişələrin gərginləşməsinə gətirib çıxara bilər. Rusiya çoxmillətli ölkədir, Böyük Vətən müharibəsi illərində onun uğrunda ayrı-ayrı millətlərin bir çox nümayəndələri canlarından keçmişlər. Halbuki indi onların nəvə-nəticələrindən bu ölkədən çıxıb getməyi tələb edirlər. Biz Rusiya Prezidenti V.Putinə, RF Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Ali Məhkəməsinin rəhbərliyinə müraciət edərək, onları milli dözümsüzlük zəminində qətllər törədilməsi, yaxud bədən xəsarətləri yetirilməsi ilə əlaqədar işlərin araşdırılmasında səhlənkarlığa yol verməməyə çağırırıq”.