“Sabah” klubunun basketbolçusu: Təhlükəli rəqibə qarşı yaxşı oynamağa çalışacağıq
Bakı, 14 noyabr, AZƏRTAC
Komandamız FIBA Avropa Kuboku kimi beynəlxalq oyunlarda xeyli təcrübəyə malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah” klubunun xorvatiyalı basketbolçusu Pavle Marçinkoviç FIBA Avropa Kubokunun müntəzəm mövsümünün beşinci turunda Türkiyənin “Bahçeşehir” komandasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.
Türkiyənin Avropada ən güclü liqalardan biri olduğunu söyləyən 34 yaşlı oyunçu paytaxt təmsilçisinin də yaxşı oyunçulardan ibarət klub olduğunu bildirib: “İlk oyunda təhlükəli rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Lazımi epizodlardan yaxşı istifadə etməliyik. Bu, ilk oyun üçün olduqca vacibdir. Rəqibin start heyətində çox güclü oyunçular var. Türkiyə təmsilçisinin mərkəzdə oynaya bilən dominant müdafiəçiləri var. Onlar topa yaxşı hakimdirlər. Fransalı Cerri Frank Butsiyele iddialı oyunçulardan biridir. Bir sözlə, onların hər biri çox güclüdürlər. Biz ciddi rəqiblə maçda son ana kimi getməliyik”.
P. Marçinkoviç Azərbaycan Basketbol Liqasının da çox sürətli liqa olduğunu deyib: “Komandamızın ölkə çempionatında "NTD-INDIGO" ilə keçirəcəyi görüş rəqib klubun istəyi ilə irəli bir tarixə qədər təxirə salındı. Əlbəttə ki, biz hər zaman olduğu kimi Avropa Kubokunda əldə etdiyimiz təcrübələrdən sonra ABL-nin növbəti oyunlarına fokuslanacağıq”.
Qeyd edək ki, noyabrın 15-də Ülker İdman Zalında keçiriləcək “Bahçeşehir” - “Sabah” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.