“SABAH” tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub
Bakı, 31 yanvar, AZƏRTAC
“Azercell” Tələbə Təqaüd Proqramında qalib gələn tələbələrin mükafatlandırma mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Azercell”in İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və “SABAH” icra komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik ediblər.
Bu il “Azercell” təqaüdçüsü adına layiq görülmüş 28 tələbədən 9-u “SABAH” qruplarının tələbəsidir. Qaliblər ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanı əldə edirlər.
Təhsil Nazirliyinin “SABAH” qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 2017-ci ildən etibarən 31 “SABAH” tələbəsi Azercell Tələbə Təqaüd Proqramının qalibi olub. Eyni zamanda, “SABAH” Karyera Akademiyası çərçivəsində keçirilən qış məktəbində “Azercell” şirkətinin peşəkarları təlimçi qismində iştirak etməklə tələbələrin şəxsi və peşəkar inkişafına dəstək olurlar.
Bu il Tələbə Təqaüd Proqramına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat ixtisası üzrə tələbəsi İzzət Quliyev, mühasibat uçotu və audit ixtisası üzrə tələbələri Elşad Əliyev, Fəridə Səfiyeva, Kamran Vəzirov, biznesin idarə edilməsi ixtisası üzrə tələbəsi Yavər İsrafilov, maliyyə ixtisası üzrə tələbəsi Günel Xosrovlu, Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə tələbələri Töhfə Abdullayeva, Babək Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisası üzrə tələbəsi Həsənxan Məmmədov təqaüdə layiq görülüblər.