Sabirabadda əhalinin tibbi müayinəsi yüksək səviyyədə təşkil olunmuşdur
Sabirabad, 11 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən əhalinin tibbi müayinəsi kampaniyası respublikamızın hər yerində olduğu kimi, Sabirabadda da yüksək səviyyədə təşkil olunmuşdur.
Rayon mərkəzi xəstəxanasında və digər tibb müəssisələrində sakinlərin hərtərəfli müayinəsi üçün bütün imkanlar yaradılmışdır. Rayon icra hakimiyyətində fəaliyyət göstərən komissiya və qərargah müayinələrin gedişinə operativ nəzarət edir.
Rayon icra hakimiyyəti başçısının müavini, komissiyanın sədri Şahnaz Babayeva AZƏRTAC-a bildirmişdir ki, humanitar aksiya çərçivəsində rayon mərkəzi xəstəxanası ilə yanaşı, 6 kənd xəstəxanası və bir tibb məntəqəsi bütün tibb personalı ilə gücləndirilmiş iş rejimində çalışır. Səhiyyə işçiləri müayinələri tərtib olunmuş qrafikə uyğun aparırlar.
Aksiya başlanandan bu günədək 77744 rayon sakini tibbi müayinədən keçmişdir. Müayinələr zamanı xəstəlik aşkar edilmiş 2041 vətəndaş ambulator, 326 nəfər stasionar müalicəyə cəlb olunmuş, 85 xəstə isə Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
Bu mühüm kampaniyanın yüksək səviyyədə təşkilindən razılıq edən rayon sakini Ələmdar İbrahimov ailə üzvləri ilə birlikdə heç bir çətinliklə qarşılaşmadan tibbi müayinədən keçdiyini demişdir. Diqqətə çatdırmışdır ki, bütün şöbələrdə həkimlər vətəndaşları diqqətlə yoxlayırlar.
Ələmdar İbrahimov rayon sakinləri adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.