Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO
Sabirabad, 17 avqust, AZƏRTAC
Sabirabad rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı "KİA" və "Opel" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi) avqustun 17-də saat 14:50 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 1 nəfərin instrumental diaqnostik müayinələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə