Sabunçu rayonunda 21 minə yaxın sakin tibbi müayinədən keçmişdir
Bakı, 27 fevral (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin tapşırığı əsasında fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi kampaniyası Sabunçu rayonunda da uğurla davam etdirilir. Dövlət başçısının tapşırığının icrası ilə əlaqədar rayon icra hakimiyyətində əvvəlcədən tədbirlər görülmüşdür. Tibbi müayinələrin yüksək səviyyədə təşkili məqsədi ilə icra başçısının sərəncamı ilə müvafiq komissiya yaradılmış, xüsusi qrafik tərtib edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 27-də Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova məlumat vermişdir. O demişdir ki, hazırda sakinlər rayondakı 10 tibb müəssisəsində müayinə olunurlar. Fevralın 17-dən indiyədək 20 min 993 rayon sakini tibbi müayinədən keçmişdir. Ümumilikdə 270 min 591 sakinin profilaktik müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
Maştağadakı 7 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinikasında sakinlər qrafik əsasında qeydiyyata düşdükdən sonra terapevtlər tərəfindən yoxlanılır, eyni zamanda, müxtəlif müayinələrdən keçirlər. Poliklinikanın şöbə müdiri Elbrus Əlili bildirmişdir ki, müayinələr xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. İndiyədək 5 minə yaxın sakin hərtərəfli tibbi müayinədən keçmişdir. Müayinə olunanların 404-də ürək-damar çatışmazlığı, yuxarı tənəffüs yolları ilə bağlı xəstəliklər aşkar edilmişdir.
Müayinədən keçənlər öz sağlamlıqları barədə məlumat əldə etdiklərinə görə Prezident İlham Əliyevin bu humanist addımından razılıqlarını bildirmişlər.