Sabunçu rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 2 iyun, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis bölməsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini Emil Qələndərov saxlanılıb. Onun Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətindəki istixanaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 539 çətənə kolu və satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada 4 kiloqram 670 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədilə əkdiyini bildirib.
Faktla bağlı 14-cü polis bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.