“Sağlam gələcək naminə fiziki aktiv ol!” layihəsi başa çatmışdır
Bakı, 15 aprel (AZƏRTAC, Elçin Hüseynov). Aprelin 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Gəncliyin İnkişafı” İctimai Birliyi və “Coca-Cola” şirkətinin birgə reallaşdırdığı “Sağlam gələcək naminə fiziki aktiv ol!” layihəsinin yekunlarına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, İSİM-in şöbə müdiri Səbinə Babazadə layihə haqqında “dəyirmi masa” iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, “Aktiv ol, sağlam ol, həyat boyu qalib ol!” devizi altında reallaşan layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilmişdir. Layihə fiziki aktivliyin sağlamlığa təsirinin vacibliyi və sağlam qidalar haqqında məlumatlandırmanın artırılmasına yönəlmişdir. Layihə çərçivəsində məktəblərdə sağlam həyat tərzi mövzusunda treninqlər keçirilmiş, şagirdlərə müxtəlif buklet, təqvim, bloknot və plakatlar paylanılmışdır.
Qeyd edilmişdir ki, layihə Gənclər və İdman Nazirliyi, İSİM və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənir.
“Gəncliyin İnkişafı” İctimai Birliyinin sədri Nəzrin Babazadə isə layihə çərçivəsində bu il Binəqədi rayonunda festivalın keçirildiyini diqqətə çatdırmışdır.
Fiziki aktivlik mövzusunun aktuallığını qeyd edən layihənin eksperti Aytəkin Əsgərova bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir.
Layihənin digər ekspertləri- endokrinolq Yeganə Sultanova və kardioloq Samir Əsgərov qeyri-yoluxucu xəstəliklərin profilaktikasında fiziki aktivliyin rolundan danışmışlar.
Tədbirdə, həmçinin layihə çərçivəsində çəkilən sağlam həyat tərzinə dair videоçarx nümayiş etdirilmişdir.