Sağlam qidalanma səhər yeməyindən başlayır
14 noyabr - Ümumdünya Diabet Günüdür. Bununla əlaqədar “Qafqaz Point” mehmanxanasında “Sağlam qidalanma səhər yeməyindən başlayır “ şüarı altında tədbir keçirilib. Səhər yeməyində Milli Məclisin deputatları və tibb mütəxəssisləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin ictimai-səhiyyə mərkəzi layihələrin əlaqələndirmə şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, dünyada ildən-ilə diabetə olan münasibət müsbət istiqamətdə dəyişir. Qeyd etdi ki, dünyada diabetin yayılması artıq epidemiya kimi qəbul olunur. Bu qeyri-yoluxucu xəstəliyin statistikasını təhlil edəndə yoluxucu xəstəliklərlə müqayisədə ölümlə nəticələnən fəsadlara görə diabet birinci yerdədir.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov diqqətə çatdırdı ki, bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədilə 1991-ci ildən ÜST-nın və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.
Bildirildi ki, İSİM Azərbaycanda diabet xəstələrinə qayğı göstərilməsi, bu xəstəliyin qarşısının alınması üçün mümkün olan addımları atır. Qeyd edildi ki, son illər bu xəstəliyin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlər görülür, büdcədə bununla bağlı maliyyə vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da müsbət haldır.
Tədbir iştirakçılarından səhər yeməyindən qabaq və sonra qanda şəkərin yoxlanılması analizi alınıb, DDG-nin emblemi paylanılıb, sağlam qida barədə məsləhətlər verilib.