“Sağlamlığını qoru” mədəni-kütləvi aksiya təşkil olunacaqdır
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 12-də paytaxtın Binəqədi rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 6 aprel -Dünya Fiziki Aktivlik Günü ilə bağlı “Sağlamlığını qoru” mədəni-kütləvi aksiya keçiriləcəkdir.
Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir ki, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Gənclər və İdman Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “İnkişaf naminə idman” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək mədəni-kütləvi aksiyanın məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Fləşmobla başlayacaq tədbirin rəsmi açılışından sonra estafet (kisələrlə tarazlıq, vitamin, futbol, xokkey, tennis və basketbol) və ailəvi (ata, ana və uşaq) yarışlar keçiriləcəkdir.
Eləcə də fiziki aktivliklə bağlı bir sıra müsabiqələr təşkili olunacaqdır. Müsabiqələrdə orta məktəb şagirdləri ilə bərabər, sağlamlıq imkanları məhdud olan uşaqların, gənc ailələrin də iştirakı nəzərdə tutulmuşdur.
Bədii musiqili hissədə müğənnilərin, akrobatların nümunəvi çıxışları və s. təşkil olunacaqdır.
Sonda iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olunacaqlar.
Birinci, ikinci və üçüncü yerləri tutan məktəblər isə diplom, kubok və digər hədiyyələrlə mükafatlandırılacaqlar.
Festival çərçivəsində, həmçinin əhalinin fiziki aktivliklə bağlı maarifləndirilməsi məqsədilə təşkilatçılar tərəfindən hazırlanmış və çap edilmiş stolüstü təqvim, dəftərçə paylanılacaqdır.