Sağlamlıq gigiyenadan başlayır
Bakı, 7 fevral, AZƏRTAC
Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana bilərsən.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Natiqə İsmayılova da sevib-seçdiyi sənəti ilə insanların sevgisini qazanıb. Ömrünün 60-cı ilində də işləməkdən yorulmayan Natiqə xanım tibbin ən məsuliyyətli sahələrindən olan gigiyenanı seçib. İnstitutun gigiyena kafedrasında 26 ildir baş müəllim vəzifəsində fəaliyyət göstərir. Bu illər ərzində dəfələrlə tərifnamələrə, Səhiyyə Nazirliyinin diplomlarına layiq görülüb, elmi məqalələri çap edilib. Həmişə əməksevərliyi, inadkarlığı və gigiyena sahəsində dərin biliyi ilə seçilib. Elə buna görə institutun əməkdaşları və müdavimlərinin sevimlisi olub.
1955-ci ildə Bakı şəhərində dünyaya göz açan Natiqə İsmayılova 1972-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) sanitariya-gigiyena fakültəsinə qəbul olunub. Təhsil illərində özünü çalışqan tələbə kimi göstərə bilib, tələbə elmi cəmiyyətin üzvü olaraq elmi konfranslarda dəfələrlə çıxış edib, həm də ictimai işlərdə fəal olub. İnstitutu 1978-ci ildə bitirdikdən sonra Sumqayıt şəhər sanitar-epidemioloji stansiyasında bölmə müdiri vəzifəsində çalışıb. Elə həmin il bu şəhərdə ailə qurub.
Səhiyyə Nazirliyinin Sumqayıtda yerləşən Əmək Gigiyenası və Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda 2 il ərzində klinik ordinaturada oxuyub. 1986-1989-cu illərdə Moskvada V.A.Obux adına Əmək Gigiyenası və Peşə Xəstəlikləri Mərkəzi Elmi-Tədqiqat İnstitutunda gigiyena ixtisası üzrə məqsədli əyani aspiranturanı fərqlənmə ilə bitirib, namizədlik dissertasiyası müdafiə edib. Bakıya qayıtdıqdan sonra Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda assistent vəzifəsinə qəbul edilib.
Bu avtobioqrafik cizgilər ilk baxışda şablon kimi görünə bilər. Ancaq Natiqə İsmayılovanın həyatında şablonçuluq yoxdur, çünki o, tibbin ən çətin və ağır bir sahəsi olan gigiyenanı seçib. Xalq arasında bu sahənin mütəxəssislərinə “sanitar həkim” də deyirlər. Belə çətin sənətin yükünü ömürlük çiyinlərinə götürən Natiqə xanım deyir: ”Sağlamlıq gigiyenadan başlayır. Mən xoşbəxtəm ki, Vətənə gigiyenist kimi xidmət edirəm. Həyatımda gigiyena çox əhəmiyyətli və başlıca yer tutur. Bu nəhəng elm ilkin profilaktikanın keşiyində durur və indiki dövrdə çox vacib olan sağlam həyat tərzinin prinsiplərini öyrənir”. O, həmçinin ingilis dilini yaxşı mənimsədiyinə görə xarici jurnallarda çap olunan tibbi məqalələri və xülasələri böyük məharətlə Azərbaycan və rus dillərinə tərcümə edir.
Ziyalı kimi bu insanın xarakterini səciyyələndirən əsas xüsusiyyət möhkəm iradəsi, həssaslığı və emosional dünyasıdır. Onun bütün fəaliyyəti daim axtarışda olmağa, öyrənməyə, obyektivliyə və ədalətə söykənib. O, təkcə vəzifəsini deyil, vətəndaşlıq borcunu da yüksək məsuliyyət və ciddiyyətlə yerinə yetirir. Mənəvi saflığı və əqli kamilliyi özündə birləşdirən Natiqə İsmayılova ilk növbədə nəcib davranışı, mədəniyyəti, sadəliyi, təvazökarlığı, insanlara diqqəti ilə onu tanıyanların böyük hörmətini qazanıb. Söz yox ki, o, bu hörməti əldə edənə qədər uzun bir yol keçib, pillə-pillə yüksəlib...
Həkimlik elə bir sənətdir ki, onun sahibi daim öz üzərində işləməlidir. Həkim öyrədirsə, öyrədə-öyrədə özü də öyrənir. Natiqə xanım da işdən, axtarışdan, insanlara xidmət etməkdən yorulmur. Odur ki, ürəklərə yol tapır...