CƏMİYYƏT
“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi həyata keçirilib
Bakı, 20 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təklifi və dəstəyi ilə Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir.
Mayın 16-dan 20-dək Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilib.
Missiyada ÜST-nin biotibbi eksperti Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilib.
Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarə olunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilib.
Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi planlaşdırılır.