CƏMİYYƏT
Sahə Epidemiologiyası üzrə Təlim Proqramı həyata keçirilir
Bakı, 19 sentyabr, AZƏRTAC
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) Şərqi Avropa və Mərkəzi Asiya regional ofisinin təşəbbüsü və texniki dəstəyi ilə 2021-ci ilin noyabr ayından başlayaraq Sahə Epidemiologiyası üzrə Təlim Proqramı (FETP) həyata keçirilir.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, bu proqramda bir sıra ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak edir. Proqram çərçivəsində Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitariya-epidemioloji nəzarəti şöbəsinin müdiri Nəzifə Mürsəlovanın rəhbərliyi altında Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşı Zlata Rəsulzadənin mentorluğu ilə şöbənin əməkdaşı Vüsalə Səfərova və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin epidemioloqu Əlcəfər Cəfərov bir sıra tədqiqat işlərini uğurla həyata keçirib.
Bu tədqiqat işlərindən “COVID-19 xəstəliyinə yoluxanlar arasında COVID-19 vaksinasiyasının hospitalizasiya və ölümün qarşısının alınmasına təsiri, Azərbaycan 2021” mövzusunda aparılmış tədqiqatın nəticələrini əks etdirən “Abstrakt” 2022-ci ilin 4-9 sentyabrda Panamada keçirilən 11-ci TEPHINET Beynəlxalq Elmi Konfransına qəbul olunub və dünyanın bir çox ölkələrindən qatılmış iştirakçılara Vüsalə Səfərovanın təqdimatında nümayiş edilib. Eyni zamanda, “Abstrakt” ABŞ-da TEPHINET “BOOK OF ABSTRACTS” adlı nəşrdə də dərc olunub.
Qeyd olunan proqram çərçivəsində həyata keçirilən “Viruslu hepatit B xəstəliyinin yayılması və epidemioloji nəzarət sisteminin qiymətləndirilməsi, Azərbaycan 2018-2021” adlı tədqiqatın nəticələri nazirliyin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) olan 100-ə yaxın nümayəndənin qatıldığı vebinarda nümayiş olunub.