Sahibkarlar Konfederasiyası “Qadın Sahibkarlar Şurası”nın videokonfransında təmsil olunub
Bakı, 18 iyun, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının (ECO CCI) təşkil etdiyi “Qadın Sahibkarlar Şurası”nın videokonfransı keçirilib. Videokonfransda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Jalə Hacıyeva, baş katibin vəzifələrin icra edən Kristina Məmmədova və ASK Biznes Konsaltinqin rəhbəri Şəbnəm Nuriyeva iştirak ediblər.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, konfransda ECO CCI-nin baş katibi Adem Kula çıxış edib, İranın ECO CCI Qadın Sahibkarlar Şurasının sədri Seyedeh Fatemeh Moğimi COVID-19 pandemiyası nəticəsində ölkəsinin bütün sferalar üzrə ciddi itkilərə məruz qaldığını qeyd edib. Pakistan FPCCI nümayəndəsi Syeda Maryam Zaidi ölkəsinin üzləşdiyi problemlərdən və hökumətlə sıx əməkdaşlıq şəraitində işlədikləri barədə məlumat verib.
Türkiyə Qadın Sahibkarlar Şurası təmsilçisi Zerrin Özelin sözlərinə görə, pandemiya dövründə müxtəlif regionlarda yaşayan qadın sahibkarlara onlayn təlimlər təşkil edilib, “Türkcell” şirkəti ilə birlikdə uğurlu layihə həyata keçirilib.
ASK-ın vitse-prezidenti J.Hacıyeva karantin dövründə kommunikasiya ilə bağlı məsələlərin aktuallığını saxladığını, biznes sferalarında yaranmış problemlərin operativ şəkildə hökumətə çatdırıldığını və hazırlanan təkliflər paketi barədə məlumat verib. Həmçinin ASK üzvlərini stimullaşdırmaq üçün müxtəlif mövzularda onlayn vebinarlar təşkil edildiyini diqqətə çatdırıb.
Videokonfransda qeyd olunub ki, bu dövr ərzində KOB-larla yanaşı, mikrosahibkarlar da ciddi zərər çəkib, işçilərin əməkhaqlarının ödənilməsində çətinliklərlə üzləşiblər. ASK bütün üzvlərinə dəstək nümayiş etdirərək onların problemlərinin həllində mümkün olan bütün vasitələrdən istifadə edib. Eyni zamanda, beynəlxalq korporativ əlaqələrin güclənilməsi istiqamətində işlər aparılıb. Regionda qadınlar və onlara dəstək proqramı, onlayn B2B görüşlərin təşkil edilməsi, əngəlli insanlar üçün özünüməşğulluq layihəsinin tətbiqi barədə məlumat verilib.
Ataməkan Davamlı İnkişaf Fondunun direktoru Dinara Allabergen Qazaxıstanın üzləşdiyi çətinliklərdən, qadın sahibkarları dəstəkləmək üçün həyata keçirilən layihələr və onlayn təlimlər barədə danışıb. Qırğızıstanın CCI KR Qadın Sahibkarlıq Komitəsinin sədri Asel Atabekova ölkəsində yüngül sənayenin 85 faizini qadın sahibkarların formalaşdırdığını və bu səbəbdən “Pandemiya dövründə qadın sahibkarlar - çağırışlar və həll yolları” adlı konfransın keçirildiyini vurğulayıb. Türkmənistan təmsilçisi Günel Babanefesova, Özbəkistan Ticarət və Sənaye Palatasının təmsilçisi Saodat Tursunbeyova da ölkələrindəki çətinliklər barədə, həmçinin onlayn marketinq, maliyyə savadlılığı, informasiya texnologiyalarına dair təlimlərin təşkil olunması barədə məlumat veriblər.
Sonda ASK-ın baş katibinin vəzifələrini icra edən K.Məmmədova belə görüşlərin davamlı olması təklifini irəli sürüb. Təklif ECO CCI-nin baş katibi A.Kula və digər iştirakçılar tərəfindən müsbət qarşılanıb.