Salyan Dövlət Kukla Teatrı “Göyçək Fatma”nı balaca tamaşaçılara təqdim edib
Salyan, 25 aprel, Mahir Babayev, AZƏRTAC
Salyan Dövlət Kukla Teatrının kollektivi 15 ildən sonra yenidən “Göyçək Fatma” tamaşasını balaca tamaşaçılara təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşasının quruluşçu rejissoru Rafiq Mirzə, quruluşçu rəssamı Ceyhun Rüstəmbəyli, musiqi tərtibatı Təzahür Mehdiyevindir. Göyçək Fatma rolunu aktrisa Mirxədicə Mirzəyeva canlandırıb. Mədinə Ramazanova, Nahid Rüstəmbəyli, Qalib Məlikov və Əziz İmanovun ifalarında müvafiq nağıl personajlarının təqdimatı balaca tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Teatrın direktoru Yavər Cəbrayılov bildirib ki, xalq nağılı əsasında hazırlanmış eyniadlı tamaşa insanlara ədalət, mərhəmət, insansevərlik duyğuları aşılayır. Xeyirxah, yumşaqqəlbli Fatma üzləşdiyi bütün çətinlikləri təmkinlə aradan qaldıraraq öz istəyinə nail olur.
Tamaşa zamanı istifadə olunmuş milli geyim, musiqi və rəqslər səhnə əsərini daha da baxımlı edib. Qəhrəmanların milli geyimdə olması, milli musiqinin işlənməsi də “Göyçək Fatma” nağılının üslubunu tamamlayıb.
Teatrın kollektivi “Göyçək Fatma” tamaşası ilə qonşu Neftçala rayonunda da balaca tamaşaçılar qarşısına çıxacaq.