Salyanda əhalinin tibbi müayinəsi yekunlaşmaq üzrədir
Salyan, 24 aprel (AZƏRTAC). Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Salyan rayonunda əhalinin əksər hissəsi profilaktik tibbi müayinədən keçmişdir.
AZƏRTAC xəbər verir ki, sakinlərin tibbi müayinədən keçməsi üçün rayonda geniş təbliğat işi aparılır. Rayon mərkəzi xəstəxanası ilə yanaşı, digər tibb ocaqlarında da vətəndaşların hərtərəfli müayinəsi üçün bütün şərait yaradılmışdır. Təcrübəli və yüksək ixtisaslı həkimlər elektrokardioqrafik, rentgeneoloji, laborator və digər müayinələr aparır, xəstələr ambulator və stasionar müalicəyə cəlb edilirlər.
Rayon icra hakimiyyəti başçısının müavini, əhalinin tibbi müayinəsi üzrə komissiyanın sədri Anar Cəbrayılov AZƏRTAC-a bildirmişdir ki, fevral ayından başlanan bu humanitar aksiya uğurla davam edir. İcra hakimiyyətində yaradılmış komissiya və qərargah aksiyanın gedişinə ciddi nəzarət edir. Müayinələr tərtib olunmuş qrafikə uyğun aparılır. Bu günədək 56928 rayon sakini müayinədən keçmişdir. Onlardan xəstəlik aşkar edilmiş 7199 nəfəri ambulator, 107 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir. Rayonda müalicəsi mümkün olmayan 36 xəstə isə Bakı şəhərinə göndərilmişdir. Artıq 51 yaşayış məntəqəsindən 41-də tibbi müayinələr başa çatmışdır.
Tibbi müayinədən keçmiş rayon sakini Yaqut Ələsgərov AZƏRTAC-a müsahibəsində xəstəxanalarda yaradılmış nümunəvi şəraitdən, müayinələrin təşkilindən razılıq edərək demişdir: “Heç bir ödəniş etmədən pulsuz tibbi müayinə olundum. Həkimlər məni diqqətlə yoxladılar. Müayinə zamanı məndə heç bir xəstəlik olmadığını biləndə çox sevindim. Bunun üçün məni müayinə edən həkimlərə, əhalinin sağlamlığının qorunmasına yönəlmiş bu aksiyanın təşəbbüsçüsü, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”.