Salyanda şəhid Elsevər Hüseynovun xatirəsi anılıb
Şirvan, 25 aprel, Mahir Babayev, AZƏRTAC
Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhid zabitimiz Elsevər Hüseynovun xatirəsi Salyanda adını daşıdığı 6 nömrəli şəhər tam orta məktəbində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdən öncə tədbir iştirakçıları Salyanın Şəhidlər xiyabanına gələrək şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edənlər Elsevər Hüseynovun qısa, lakin şərəfli ömür yolundan söhbət açıblar. Bildirilib ki, torpaqlarımız uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan ər oğullarımız heç vaxt unudulmur, yaddan çıxmır. Onlar daim xatırlanır, yad edilir, gənc nəslə nümunə göstərilir.
Qeyd olunub ki, Bakı Ümumqoşun komandirlər məktəbinin məzunu olan E.Hüseynov Salyanın Babazənan yaşayış massivində doğulub. 1986-cı ildə zabit kimi Moskvaya xidmətə göndərilib. 1992-ci ildə Qarabağ torpaqları erməni işğalçılarının təcavüzünə məruz qalan vaxtı Elsevər Hüseynov buna biganə qalmayıb, doğulduğu ocağa qayıdaraq torpalarımızın müdafiəsinə qalxıb. Bölmə komandiri kimi, Ağdərənin, Füzulinin bir çox yaşayış məntəqələrində gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Son döyüşü 1994-cü il aprelin 24-dən 25-nə keçən gecə Ağdamın Şıxlar kəndində olub. Döyüşçü yoldaşı ilə birgə mühasirəyə düşən Elsevər düşmənlə son ana kimi döyüşüb. O, 60-dan çox silahdaşının həyatını xilas edərək 29 yaşında şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidentinin 1994-cü il 9 oktyabr tarixli fərmanı ilə kapitan Elsevər Sabir oğlu Hüseynov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Sonda məktəbin şagirdləri Vətənə, şəhidlərimizə həsr olunmuş şeir və musiqi nömrələri ilə çıxış ediblər.