Salyanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü böyük coşqu ilə qeyd olunub
Salyan, 2 iyun, Mahir Babayev, AZƏRTAC
Salyanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbir rayondakı Heydər Əliyev Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərginin nümayişi ilə başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə iştirak edən rayon rəhbərliyi, təhsil şöbəsinin işçiləri, uşaq təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri əvvəlcə Qulu Əsgərov adına rayon incəsənət məktəbinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramına baxıb, məktəbin xor kollektivinin ifasında Emin Sabitoğlunun “Azərbaycan” mahnısını dinləyiblər.
Sonra məktəblilər dünya və Azərbaycan klassik musiqisindən, bəstəkar mahnılarından ibarət musiqi nömrələrini səsləndirib, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından səhnəciklər göstəriblər. İncəsənət məktəbinin xoreoqrafiya, xalq çalğı alətləri və xanəndəlik şöbələrinin şagirdləri də maraqlı ifaları ilə fərqləniblər.
Tədbirdə çıxış edənlər Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis tarixindən, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, Salyanda uşaqların normal yaşaması, təhsili, sağlamlığı və əylənmələri üçün görülən işlərdən danışıblar.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Biləsuvar və Hacıqabulda da qeyd edilib.