Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı
Bakı, 19 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda Rəsədxananın elmi katibi dosent Orxan Xəlilov mövzunun aktuallığı barədə danışıb.
Daha sonra Planetlər və kiçik səma cisimləri şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Kometalar və Trans-Neptun cisimləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bir-biri ilə üzvi bağlı olan iki məsələ şərh edilib. Onlardan birincisi Günəş sisteminin Trans-Neptun zonasında varlığı ehtimal olunan irikütləli naməlum planetin kometa sistemi ilə əlaqəsidir.
Məruzənin ikinci hissəsində doktorant Bənövşə Əsgərova mütləq parlaqlığı 5.5-ə qədər olan 183 Trans-Neptun planet cisminin 1647 uzunperiodlu kometlərlə mümkün əlaqəsini şərh edib.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.