Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, seminarda Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov “Simmetriyanın spontan pozulması, aid teoremlər və kosmologiya” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bərk cisimlər fizikasında simmetriyanın spontan pozulması və Nambu dalğası barədə məlumat verilib. Ferromaqnetizm və ifrat keçiricilik hadisələrində simmetriyanın spontan pozulmasının rolu izah edilib. Kuper cütlərinin yaranmasının ifrat keçiricilik kimi makroskopik kvant effektlərinin əsası olduğu göstərilib.
B.Rəcəbov, həmçinin yüksək temperaturlarda elektro-zəif qarşılıqlı təsirin xüsusiyyətlərinin Kainatın Böyük partlayışdan sonrakı tarixinə təsirindən danışıb. Bildirib ki, müəyyən temperaturdan sonra simmetriyanın spontan pozulması aradan qalxır, yəni simmetriya bərpa olunur. Bu isə uzağatəsir qüvvələrinin və Kainatda domenlərin yaranmasına səbəb ola bilər.
Sonda mövzu ilə bağlı müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.