REGİONLAR
Şamaxıda karantin qaydalarını pozanlar cərimələniblər
Şamaxı, 26 oktyabr, AZƏRTAC
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində ictimai nəqliyyatda və qapalı məkanlarda növbəti nəzarət-yoxlama tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslər avtobusdan düşürülüb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər onlara izah olunub. Həmçinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər barəsində intizam tənbeh tədbirləri görülüb.
Qapalı məkanlarda aparılan yoxlamalar nəticəsində isə mağazalara tibbi maskasız daxil olan alıcılar, bu kimi hallara göz yuman obyekt sahibləri və icarədarlar müəyyən edilib. Pandemiya dövrünün tələbləri onların diqqətinə çatdırılıb və barələrində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.