ŞAMAXILI FERMERLƏR DAHA ÇOX MƏHSUL İSTEHSAL EDƏCƏKLƏRİNİ BİLDİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Şamaxı rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların toplantısı keçirilmişdir.
Qeyd olunmuşdur ki, son illər kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi, bununla əlaqədar ölkə başçısının imzaladığı sərəncamlar aqrar bölmənin inkişafına güclü təkan vermişdir. Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağına görə fermerlərə, habelə digər mülkiyyətçilərə hər hektar üçün 40 manat, buğda istehsalçılarına isə hər hektara görə əlavə olaraq 40 manat yardım verilmişdir. Bunun da nəticəsində taxıl əkini sahələri 4386 hektar artaraq 17986 hektara çatdırılmışdır. Bu il əvvəlki ilə nisbətən taxıl istehsalı 9826 ton və ya 36 faiz çox olmuşdur. Toplantı iştirakçıları ölkə başçısının “ Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 2008-ci il 21 avqust tarixli Sərəncamında kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins mal-qaraya və mineral gübrələrə olan tələbatını yaxşılaşdırmaq, gübrə və texnikanın saxlanması üçün xüsusi anbarların tikintisinin təmin edilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsindən, Prezidentin ehtiyat fondundan “Aqrolizinq” ASC-yə 25 milyon manat vəsait ayrılması, bu vəsait hesabına buğda toxumunun istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarına yüksək reproduksiyalı toxumun satış qiymətinin 50 faizinə, mineral gübrələrin isə satışının 70 faizinə güzəşt edilməsi, habelə 2008-2009 -cu illərdə xaricdən alınan damazlıq heyvanların fermerlərə 50 faiz ucuz satılacağı barədə müddəaların əhəmiyyətini xüsusi vurğulamışlar.