Samir Axundov: Azərbaycan Avropanın etibarlı enerji təminatçısına çevrilib
Tbilisi, 26 oktyabr, AZƏRTAC
Uğurla həyata keçirilən enerji siyasəti, enerji sahəsində islahatlar, böyük layihələr sayəsində Azərbaycan bu gün Avropanın etibarlı enerji təminatçısına çevrilib. Avropanın enerji təhlükəsizliyi Azərbaycanın bərpaolunan enerji təchizatı hesabına daha da güclənir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi) dənizdə isə 157 giqavatt enerji potensialı var. Bu enerjinin əldə olunması, istehsalı, ixracı böyük layihələt və investisiyalar tələb edir. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə münbit investisiya mühiti yaranıb. Artıq xarici investisiyaların cəlb olunması istiqamətində də danışıqlar aparılır, müqavilələr imzalanır. Bu da bizə elektrik enerjisi ixracını artırmağa geniş imkanlar yaradacaq.
Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislər müxtəlif beynəlxalq tədbirlərdə olur, ölkəmizin qabaqcıl təcrübəsini təbliğ edir və lazım olan təcrübəni öyrənirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi