Samuxda bayram sevinci - konsert proqramı, yarmarka və ağacəkmə aksiyası
Samux, 17 mart, AZƏRTAC
Samuxda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə Novruz bayramı münasibətilə təbriklər səsləndirilib, bu bayramın xalqımızın milli-mənəvi dəyərlərini yaşatmaqda xüsusi rol oynadığı vurğulanıb.
Tədbirdə müxtəlif sərgilər təşkil olunub, əl işləri və yerli məhsullar nümayiş etdirilib. Həmçinin konsert proqramı təqdim olunub.
Bundan başqa, rayonda Novruz münasibətilə bayram yarmarkası da təşkil edilib. Yarmarka yeni salınmış Samux parkında keçirilib. Kənd təsərrüfatı məhsulları sakinlərə bazar qiymətlərindən 20-30 faiz ucuz qiymətə təqdim olunub. Ümumilikdə yarmarkada 11 tonadək müxtəlif kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.
Samuxda Torpaq çərşənbəsi münasibətilə növbəti ağacəkmə aksiyası da keçirilib. Samux–Kür avtomobil yolunun kənarına, ümumilikdə, 500 ədəd Xan çinarı, Eldar şamı və digər ağac tingləri əkilib. Əkilən tinglərin normal inkişafını təmin etmək məqsədilə əraziyə damcılı suvarma sistemi çəkilərək ağaclar suvarılıb. Mövcud olan ağacların dibləri yumşaldılaraq onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.
Müxbir - Vüsalə Cənnətova