Sankt-Peterburqda Hidrometeorologiya üzrə Dövlətlərarası Şuranın sessiyası keçiriləcək
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 8-9-da Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin Hidrometeorologiya üzrə Dövlətlərarası Şurasının sessiyası keçiriləcək. AZƏRTAC bunu MDB İcraiyyə Komitəsinin saytına istinadla bildirir.
Hidrometeorologiya üzrə Dövlətlərarası Şura (HDŞ) hidrometeoroloji proseslərin, onların ətraf mühitə təsirinin proqnozlaşdırılması, idarəçilik orqanlarının və əhalinin vaxtında məlumatlandırılması və xəbərdar edilməsi, Birlik ölkələrinin iqtisadi və müdafiə sahələrində səmərəli istifadə olunması üçün lazımlı hidrometeoroloji informasiyanın vaxtında əldə edilməsi və istifadə olunması məsələlərinin həlli üçün 1992-ci il fevralın 8-də hidrometeorologiya sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişə müvafiq olaraq yaradılıb.
Şuranın işində MDB-nin iştirakçısı olan bütün dövlətlər iştirak edir, habelə Şuranın bütün sessiyalarının işinə müşahidəçilər qismində Dünya Meteorologiya Təşkilatının nümayəndə heyəti qatılır.
Əməkdaşlığın əsas istiqamətləri aşağıdakılardır: hidrometeoroloji təhlükəsizlik; informasiya mübadiləsi; mülki təyyarələrin uçuşunun meteoroloji təminatı; uzunmüddətli proqnozlar; qlobal iqlim dəyişmələri; ölçmə cihazları və metodları; hidrometeoroloji proseslərə fəal təsir; ətraf mühitin çirklənməsinin monitorinqi; müşahidə şəbəkəsinin fəaliyyəti; qlyasiologiya; kənd təsərrüfatı meteorologiyası; hidrologiya; kadrlar; telerabitə və peyk informasiyası; fırtına və təbii fəlakətlər barədə xəbərdarlıq; su və dib çöküntülərinin transsərhəd yerdəyişməsi.
MDB ərazisində ümumi hidrometeoroloji informasiya mübadiləsi məkanı qorunub saxlanılıb və MDB-nin Dövlətlərarası Hidrometeorologiya Şəbəkəsi yaradılıb.