SİYASƏT
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib
![](/files/galleryphoto/2023/2/1200x630/16842366061895844017_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842366071123318505_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842366073502663325_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842366073350719765_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16842366074283522967_1200x630.jpg)
Sankt-Peterburq, 16 may, AZƏRTAC
Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə Ulu Öndərin Azərbaycan ilə Rusiya arasındakı münasibətlərdə, o cümlədən mədəni əməkdaşlıqda müstəsna rolundan söhbət açılıb.
Əvvəlcə tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyətini, həmçinin onun Sankt-Peterburqa səfərlərini əks etdirən film və slayd nümayiş etdirilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov çıxışında Azərbaycanın dahi oğlu Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, Ulu Öndərin SSRİ dövründə rəhbər vəzifələrdə çalışaraq təkcə Azərbaycanın deyil, bütün SSRİ-nin iqtisadiyyatının və mədəniyyətinin inkişafında müstəsna rol oynadığını, strateji və iqtisadi cəhətdən vacib layihələrin məhz Heydər Əliyevə həvalə edilərək onun sayəsində uğurla həyata keçirildiyini vurğulayıb.
Sankt-Peterburqun vitse-qubernatoru Oleq Erqaşev xatırladıb ki, Heydər Əliyev Sankt-Peterburqda təhsil alıb, bu şəhər, eləcə də Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Vitse-qubernator Oleq Erqaşev Heydər Əliyev siyasətinin Azərbaycanı Qafqazın mirvarisinə çevirdiyini, ölkəmizin hazırda Rusiyanın aparıcı tərəfdaşı olduğunu vurğulayıb.
Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov azərbaycanlıların Heydər Əliyev kimi liderlə hər zaman fəxr etdiklərini bildirib. “Heydər Əliyevi bütün dünyada, o cümlədən Rusiyanın bütün regionlarında ehtiramla yad edirlər. Bir azərbaycanlı olaraq şadam ki, Heydər Əliyevin siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə V.Məmişov diqqətə çatdırıb.
Sankt-Peterburq qanunvericilik məclisinin sədr müavini Nikolay Bondarenko Heydər Əliyevin xatirəsinin Sankt-Peterburqda da ehtiramla yad edildiyini xatırladıb. O vurğulayıb ki, Heydər Əliyev həm Azərbaycan, həm də keçmiş SSRİ respublikaları üçün çox mühüm işlər görüb.
Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi Vladimir Zapevalov və başqaları Ümummilli Lider Heydər Əliyevin xaricdə yaşayan həmvətənlərimizə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafına xüsusi diqqətlə yanaşdığını dilə gətirib, Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq