Şanlı Qələbəmiz gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Zəfər Günü qeyd olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə ATU-nun rəhbərliyi və professor-müəllim heyəti universitetin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhid həkimlərimizin əziz və unudulmaz xatirəsi yad olunub, abidə önünə gül dəstələri düzülüb.
Daha sonra universitetin rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları olan şəhid ailəsi üzvləri arasında görüş keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli II Qarabağ müharibəsinin Azərbaycan xalqının Zəfər salnaməsi, Şanlı Qələbəmizin gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsi olduğunu qeyd edib. Bildirib ki, həm 44 günlük Vətən müharibəsi, həm də bu ilin sentyabr ayında rəşadətli Ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam təmin olunması ilə nəticələnib, eyni zamanda, bütün dünyaya Silahlı Qüvvələrimizin gücünü və peşəkarlığını göstərib.
Professor Gəray Gəraybəyli müharibə və antiterror əməliyyatı zamanı neçə-neçə qəhrəman döyüşçümüzün şəhadətə yüksəldiyini, onların sırasında ATU məzunlarının da olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, müqəddəs peşə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan həkimlərimizin xatirəsi ATU-da daim əziz tutulur. Rektor şəhid ailələrinə göstərilən diqqət və qayğının Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən daimi diqqət və qayğıya görə həm dövlət rəhbərliyinə, həm də ATU-nun kollektivinə təşəkkürlərini çatdırıb, bəzi məsələlərin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.
ATU rektorunun daim şəhid ailəsi üzvlərini, qazi əməkdaşları diqqətdə saxladığını bildirən Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, bu əlamətdar günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, şəhidlərimiz canı və qazilərimizin gücü sayəsində qeyd etdiyimizi vurğulayıb.
Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin ailə üzvlərinin iştirak etdiyi görüşün sonunda G.Gəraybəyli Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, xalqımızın bundan sonra yalnız qələbələr yaşaması arzusunu dilə gətirib.