DÜNYA
Sapporoda ənənəvi Qar Fiqurları Festivalı başlayıb VİDEO
Tokio, 5 fevral, AZƏRTAC
Fevralın 4-də Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində ənənəvi Qar Fiqurları Festivalı koronavirus qorxusu və qeyr-adi qış istiləri fonunda başlayıb.
AZƏRTAC xəbər verir ki, cari qışda havaların isti keçməsi təşkilatçılar üçün festivalda əsas xammal rolunu oynayan qarın toplanması ilə bağlı yaranan çətinliklərlə diqqəti cəlb edib.
Təşkilatçıların bildirdiyinə görə, Hokkaydo prefekturasının paytaxtında fevralın 11-dək davam edəcək festival Çindən qrup halında turistlərin səyahətlərinin qadağan edilməsi ilə bağlı çətin ki, ötənilki rekordu təzələsin. Virusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən qadağalara görə, cari ildə mehmanxanalarda əvvəlcədən edilmiş bronların əksəriyyəti ləğv olunub.
Digər tərəfdən cari qış mövsümündə qarın az yağması da təşkilatçıların baş ağrısına çevrilib. Belə ki, festivalın əsas bəzəyi olan qardan hazırlanan nəhəng fiqurlar üçün lazımi materialın toplanması əsil problemə çevrilib. Buna baxmayaraq, təşkilatçılar hər il olduğu kimi, cari fəsildə də şəhərin üç yerində qardan və buzdan hazırlanmış müxtəlif ölçülü fiqurları ziyarətçilərə təqdim etməyə nail olublar.
Bunun üçün festivala 120 böyük yük maşını qar daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə iki dəfə çoxdur. Nəticədə nəqliyyat xərcləri 46 milyon yeni (təqribən 423 min ABŞ dollarını) ötüb.
Budəfəki festivalı əvvəlkilərdən fərqləndirən cəhətlərə gəlincə isə onun antiseptik dispenserlər və koronavirusla bağlı xəbərdarlığın əks olunduğu plakatlarla diqqəti cəlb etdiyi bildirilir. Həmin plakatlarda ziyarətçilərin tibbi maskalardan istifadə etməsi barədə yapon, ingilis və Çin dillərində məlumatlar yerləşdirilib. Bundan əlavə, cari ildə bir sıra ibtidai məktəblərin rəhbərləri də festivalı ziyarət etməmək barədə qərar qəbul ediblər.
71-ci dəfə təşkil edilən festivalın özünə gəlincə, ənənəvi olaraq 200-dək qardan və buzdan düzəldilmiş fiqurlar Odori və Suşikino parklarında, Tsudome meydanında yerləşdirilib. Eyni zamanda, Tsudome meydanında 70 metr uzunluqda sürüşmə zolağı da yaradılıb. Lakin qar çatışmadığına görə builki zolaq əvvəllər olduğundan 30 metr qısa düzəldilib.
Nümayiş olunan fiqurların əhatə etdiyi mövzulara gəlincə isə, onların sırasında etnik azlıq olan aynulara həsr olunan heykəllər xüsusi yer tutur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio