Səbail rayonunda 26 mindən çox sakin müayinə olunub
Bakı, 26 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə fevral ayının 2-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası Bakının Səbail rayonunda da uğurla davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayondakı 4 poliklinikada lazımi şərait yaradılıb. Eyni zamanda, yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi, o cümlədən yataq xəstələrinin müayinəsi üçün səyyar həkim briqadaları fəaliyyət göstərir.
Fevralın 2-dən indiyədək rayon üzrə 26803 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub. Müayinələr zamanı daha çox arterial təzyiq, şəkərli diabet, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanıb. Xəstələr ambulator və stasionar müalicəyə götürülüb.
Rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlər də müayinələrə cəlb olunublar.
Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikasının həkim-cərrahı Şərəf Rəşidov çalışdığı tibb müəssisəsinin ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunduğunu bildirib. Qeyd edib ki, poliklinikada yaradılmış səyyar həkim briqadaları qrafik əsasında qəsəbədəki təşkilatlarda, məktəblərdə, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib, xəstələr aidiyyəti üzrə xəstəxanalara göndəriliblər.
Rayon sakinləri dövlət başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayırlar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edirlər.