Səbail rayonunda 28 min nəfər tibbi müayinədən keçmişdir
Bakı, 14 mart (AZƏRTAC, Elçin Hüseynov). Əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan Prezident İlham Əliyevin imzaladığı dövlət proqramları və sərəncamlara əsasən müxtəlif profilli səhiyyə müəssisələrinin tikintisi və əsaslı təmir olunması, bu tibb ocaqlarının ən müasir avadanlıqlarla təchizatı işləri uğurla aparılır. Bu işlər Bakının Səbail rayonunda da böyük vüsət almışdır. Rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin əksəriyyəti əsaslı təmir olunmuşdur. Təkcə son iki il ərzində rayonda Milli Təhlükəsizlik Nazirliyinin yeni hərbi hospitalı istifadəyə verilmiş, 1, 2, 15, 33 nömrəli şəhər poliklinikaları, 3 nömrəli vərəm əleyhinə dispanser, 3 nömrəli təcili tibbi yardım stansiyası əsaslı təmir olunmuş, yeni açılan 19 nömrəli köməkçi təcili yardım stansiyası bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın bütün bölgələrində olduğu kimi, Səbail rayonunda da uğurla aparılır.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev bildirmişdir ki, tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikalarında bütün lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 28 min nəfər sakinin müayinələrdən keçməsi təmin olunmuşdur.
33 nömrəli şəhər poliklinikasının şöbə müdiri Afət Qədirova çalışdığı tibb müəssisəsinin əsas binasının və poliklinikanın 20-ci yaşayış sahəsindəki 1 nömrəli şöbəsinin keçən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmirdən çıxdığını və ən müasir tibbi avadanlıqlarla təchiz edildiyini demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.