Səbail rayonunda 42 mindən çox sakinin tibbi müayinələrdən keçməsi təmin olunmuşdur
Bakı, 1 aprel (AZƏRTAC, Elçin Hüseynov). Prezident İlham Əliyevin apardığı siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdəki iqtisadi tərəqqi səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır.
AZƏRTAC xəbər verir ki, əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan dövlət başçısının tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Səbail rayonunda da uğurla aparılır. Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya yaradılmış, xüsusi qrafiklər tərtib olunmuşdur. Rayonda, onun qəsəbə və yaşayış sahələrində aksiya ilə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir, görülən işlər icra hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisindəki 4 poliklinikada bütün lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədilə səyyar həkim briqadaları da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 42 min 84 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 5 min 649 nəfərə ambulator, 143 nəfərə stasionar müalicə təyin edilmişdir.
2 nömrəli şəhər poliklinikasının baş həkiminin müavini Şahin Quliyev çalışdığı tibb müəssisəsinin ötən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmirdən çıxdığını və ən müasir tibbi avadanlıqlarla təchiz edildiyini demişdir. Bildirmişdir ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Onun sözlərinə görə, indiyədək poliklinikada 10 mindən artıq sakin hərtərəfli müayinə olunmuşdur. Onlardan 137 nəfər nəzarətə götürülmüş, 70 nəfər isə xəstəxanalara göndərilmişdir.
Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişdir.
Poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq edən Faiq Qarayev isə vurğulamışdır ki, ölkə başçısının verdiyi bu tapşırıq əhalinin sağlamlığının dövlətimiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir.