Səbail rayonunun ərazisində bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqdır
Bakı, 15 noyabr (AZƏRTAC). Bakıda keçiriləcək “FİA GT Seriyası” çempionatının final mərhələsi, “Baku World Challenge 2013” avtomobil yarışının təşkili ilə əlaqədar noyabrın 21-dən 24-dək Səbail rayonunun ərazisində bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaqdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, həmin müddətdə qonaqların qəbulu, yarışın başlanması, paradın, eləcə də seçim və digər mərhələlərin təşkili ilə bağlı Səbail rayonunun Mikayıl Hüseynov, Qurban Abbasov, Aqil Quliyev, Aydın Nəsirov, Əhməd Yaqubov, Əlibəyov qardaşları, Aydın Məmmədov və Əli Nəzmi küçələri istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcəkdir.
Dünya avtomobil yarışında Fransa, İspaniya, Almaniya, İtaliya kimi ölkələrdən olan 13 komandanın tərkibində 30-dan artıq avtomobil yarışacaqdır. Avtomobillər bir neçə dəfə dövrə vuraraq təyin edilmiş 8 kilometrlik marşrut boyu hərəkət edəcəklər. Beynəlxalq yarışı dünyanın müxtəlif ölkələrində 165 televiziya kanalı canlı yayımlayacaqdır ki, bu da 3 milyard tamaşaçı auditoriyası deməkdir.
Tədbir çərçivəsində “Formula 1” tipli 13 yarış avtomobili şou nümayiş etdirəcəkdir. Yarış avtomobilləri Dövlət Bayrağı Meydanının qarşısından start götürərək Fövqəladə Hallar Nazirliyinin Səbail Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından geriyə, Mikayıl Hüseynov küçəsindən keçməklə Aqil Quliyev küçəsi ilə Bakı-Salyan şosesindən Bayıl dairəsi istiqamətində gedəcək və geriyə - Dövlət Bayrağı Meydanına qayıdacaqdır.
V.Əsədov demişdir ki, yarışı izləmək istəyən 13 minədək tamaşaçının xüsusi avtobuslarla bir neçə məntəqədən daşınması və quraşdırılmış 3 tribunada yerləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin məntəqələr barədə əlavə məlumat veriləcəkdir.
Bütün bunları nəzərə alan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinin, ümumiyyətlə, əhalinin, avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, keçiriləcək bu möhtəşəm tədbirin mahiyyətini nəzərə alaraq, yarış keçiriləcək istiqamətlərdə nəqliyyat sıxlığının, tıxacların, yol-qəza hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər və ictimai nəqliyyata üstünlük versinlər.
Qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, eləcə də 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təşkil ediləcəkdir.
Paytaxtın Neftçilər prospekti - “Azneft” dairəsindən isə Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.