Seçki dairələrində və məktəblərdə yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib
Bakı, 4 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı şəhəri 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon 29 saylı Seçki Dairəsi Dairə Seçki Komissiyasında və həmin dairənin 21 və 30 saylı seçki məntəqələrində, 15 saylı Yasamal birinci Seçki Dairəsinin 14 və 22 saylı seçki məntəqələrində, 22 saylı Nəsimi ikinci Seçki Dairəsinin 5 və 6 saylı seçki məntəqələrində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 41 nömrəli tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan şəhər 9 nömrəli tam orta məktəbdə, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə 85 saylı Şamaxı Seçki Dairəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.